Anket
Sığortanın hansı yaxşıdır?

27 Ağu 15:27Öyrənək

Texniki baxış qaydalarına yenidən baxılmalıdır - EKSPERT


Yol hərəkəti təhlükəsizliyinin əsas elementlərindən biri də nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasıdır. Qanunvericilikdə, eyni zamanda 2018-ci ilin dekabr ayında qəbul olunmuş "Yol Hərəkəti Təhlükəsizliyinə dair" Dövlət Proqramında bu məsələyə xüsusi diqqət yetirilir. Odur ki, yol hərəkəti təhlükəsizliyinin təminatı olan nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olması heç vaxt ikinci planda olmamalıdır. Nəqliyyat vasitələrinin texniki cəhətdən saz olmamasını təyin etməyin əsas üsullarından biri də dövri texniki baxışdır. Bu proses dünyanın bütün ölkələrində mövcuddur. Prosesin əsas təyinatı odur ki, istismarda olan nəqliyyat vasitələrinin mövcud milli və beynəlxalq standartlara uyğun olmasına nəzarət olunsun. 
Ölkəmizdə də bu proses mövcuddur. Həm "Yol hərəkəti haqqında" Qanunun 14-cü maddəsində, həm də qanuna 1 saylı əlavədə bu müddəalar qeyd olunub. Burada əksini tapan nasazlıqlar avtomobildə olmamalıdır. Texniki baxışın əsas hədəfi də həmin nasazlıqları aşkar etmək və onun aradan qaldırılması üçün sürücünü cəlb etməkdir. 
2018-ci ilin iyul ayında "Yol hərəkəti haqqında" qanuna olunmuş dəyişikliyə əsasən minik və kiçik yük (icazə verilən maksimum kütləsi 3.5 tona qədər) avtomobilləri cari ildə texniki baxışa təqdim olunan zaman nasazlıq ilk dəfə aşkar olunursa texniki baxış keçirilir və sürücüyə bu barədə məlumat verilərək elektron texniki baxış talonu təqdim olunmalıdır. Bəs görəsən bu yanaşma doğrudurmu? 
Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu cür yanaşma texniki baxışın yol hərəkətindəki təhlükəsizliyin roluna dair məntiqə uyğun deyil. "Təsəvvür edin ki, sürücü 3 təkəri olan avtomobili texniki baxışa gətirir. Bazaya baxılır və məlum olur ki, ötən il avtomobilin təkərləri qaydasında olub. Sürücüyə sadəcə qüsur olaraq bu bildirilir və maşın texniki baxışdan keçirilir. Yaxud, əyləc sistemi, sükan idarəetmə mexanizmində problemlər aşkarlanır. Həmçinin mühərrik yararsız olduğu üçün zəhərli qazlar ixrac olunur. Bütün bu hallarda avtomobil texniki baxışdan keçirilir və nəqliyyat vasitəsi istismara buraxılır. Bu isə məqsədəuyğun deyil".
Hüquqşünas bu məsələdə beynəlxalq təcrübəni də diqqətə çatdırıb. Bildirib ki, yol hərəkəti təhlükəsizliyi səviyyəsi yüksək olan ölkələrdə ən yeni avtomobillərin texniki baxışına o qədər də önəm verilmir. Çünki insanların məsuliyyətli olması mövcuddur. Bu, ilk növbədə sürücü və onun potensial sərnişinləri üçün önəmlidir. Amma avtomobilin istismar ili çoxaldıqca məsələyə daha diqqətlə yanaşılır. Çünki ola bilər ki, sürücünün diqqətindən nələrsə qaça bilər. Xüsusilə, zərərli qazlar, əyləc sistemi, sükan idarəetmə mexanizminə diqqət yetirilir ki, bu da ətrafdakılar üçün önəm kəsb edir. 
Düşünürəm ki, bizdə də həm qanunvericilikdə, həm də təcrübədə yanaşmalar bu istiqamətdə dəyişməlidir".
Ərşad Hüseynov nəqliyyat vasitələrini texniki baxışdan keçirənlərə və eyni zamanda sürücülərə müraciət də edib. "Sürücülər bilməlidilər ki, qanunvericiliklə hansı müddəalar olmasına baxmayaraq nəqliyyat vasitələrinin saz vəziyyətdə olması ilk növbədə onların özlərinə lazımdır. Bu həm iqtisadi, həm də təhlükəsizlik baxımdan önəmlidir. Məsələn, avtomobilin mühərrikində hər hansı problem varsa daha çox yanacaq işlədə, avtomobilin daha tez sıradan çıxmasına səbəb ola bilər. Əyləc sistemində bir problem olarsa o, növbəti problem yaratmaqla avtomobilin təmir xərcini artıra bilər. 
Avtomobildə texniki nasazlıq həm də təhlükəsizlik baxımından ziyan vura bilər. Sürücü asanlıqla qəzaya düşərək həyatını sual altına qoya bilər. Eyni zamanda digər şəxslərə də ziyan vurar. Odur ki, sürücülər və avtomobil sahibləri buna ilk növbədə özləri ciddi yanaşmalıdır."
Ərşad Hüseynov bildirib ki,  texniki baxış keçirilən məntəqələrdə də texniki baxışı keçirən şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun olaraq dəqiq, obyektiv baxış keçirməlidirlər. Nəqliyyat vasitələrinin qüsurları dəqiq müəyyən olunmalı və avtomobil sahiblərinə bunu aradan qaldırmaq təşviq edilməlidir. Heç bir qüsuru olmayan nəqliyyat vasitələri heç bir irad tutulmadan texniki baxışdan keçirilməlidir.
Ümumiyyətlə texniki baxışla bağlı məsələlərə tam aydınlıq gətirmək üçün  qanunvericiliklə texniki baxışın əsas məqsədinə uyğun olmayan müddəalara yenidən baxılmalı və təhlükəsizlik əsas prinsip olmalıdır."
 
Orxan Əli


Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: