Bu nişanın yanında dayanmasanız, cərimələnəcəksiniz


Üstünlük nişanları – 4

Ötən yazılarımda üstünlük nişanlarından ilk altısını (2.1-2.4 nişanlarını) izah etmişdim. Bu yazıda həmin qrupa aid olan növbəti nişanın – 2.5 «Dayanmadan keçmək qadağandır» nişanının şərhini diqqətinizə çatdırıram.
2.5 «Dayanmadan keçmək qadağandır» nişanı iki halda tətbiq olunur:
1) 2.4 «Yol verin» nişanının alternativi kimi; 
2) dəmiryol keçidləri və xüsusi postlar qarşısında.
Tətbiq olunduğu hər iki halda 2.5 nişanı başqa hərəkət iştirakçılarının olub-olmamasından asılı olmayaraq, stop-xətt (1.12 nişanlanması) qarşısında, bu xətt olmadıqda hərəkət hissələrinin kəsişmə xətti qarşısında, dəmiryol keçidlərində və xüsusi postlarda stop-xətt olmadıqda isə nişanın özünün qarşısında dayanmadan keçməyi qadağan edir. Yəni sürücülər göstərilən yerlərdə nəqliyyat vasitələrini ani də olsa tam hərəkətsiz vəziyyətə gətirməli və yenidən hərəkətə başlamalıdırlar.
2.5 nişanı kəsişən yolla yaxınlaşan nəqliyyat vasitələrinin zəruri məsafədən gö-rünməsi mümkün olmadıqda 2.4 nişanının alternativi qismində (onun əvəzinə) quraşdırılır. Belə hallarda 2.5 nişanı 2.4 nişanının quraşdırılmalı olduğu qaydada qoyulur. Deməli, 2.4 nişanı əvəzinə 2.5 nişanı qoyulmasının yeganə səbəbi 2.5 nişanı qoyulan yolların və yola çıxış yerlərinin bir qədər qapalı xarakterə (binaların arxasından çıxış yerləri, görünməni məhdudlaşdıran müxtəlif maneələr - tikililər, qurğular, yaşıllıqlar, relyef elementləri olan yerlərdə kəsişən yolun lazımi məsafədən görünməməsi və s.) malik olmasıdır. Belə yerlərdə 2.5 nişanı elə qoyulur ki, stop-xəttin və ya hərəkət hissələrinin kəsişmə xəttinin qarşısında dayanan nəqliyyat vasitəsinin sürücüsü kəsişən (çıxmaq istədiyi) yolu lazımi dərəcədə görə bilsin. 2.5 nişanı 2.4 nişanının alternativi olaraq yolayrıclarında və yolların başqa kəsişmə yerlərində qoyulmuş olduqda sürücülər stop-xətt, bu xətt olmadıqda isə hərəkət hissələrinin kəsişmə xətti qarşısında dayanmalı, kəsişən yolla, 7.13 lövhəciyi olduqda isə istiqaməti bu lövhəcikdə göstərilən baş yolla yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidirlər.
2.5 nişanı dəmiryol keçidi qarşısında qoyulduqda sürücü stop-xətt, bu xətt ol-madıqda isə 2.5 nişanı qarşısında dayanmalı, keçidin boş olduğuna əmin olduqdan, yaxınlaşan qatar olduqda isə dəmiryol keçidi boşaldıqdan sonra hərəkəti davam etdirməlidir. 
2.5 nişanı yolayrıcında digər üstünlük nişanları ilə komplektləşdirilməklə tətbiq edilməlidir. Yəni kəsişən yollardan birinin (və ya bir neçəsinin) qarşısında 2.5 nişanı qoyularaq ikinci dərəcəli yol hesab edilibsə, digərinin (digərlərinin qarşısında 2.1 (yaşayış məntəqəsində) və ya 2.3.1-2.3.3 nişanı (yaşayış məntəqəsindən kənarda) qoyulmaqla baş yol olduğu ifadə olunmalıdır.
2.5 Dayanmadan keçmək qadağandır» nişanının tələbi sürücülər tərəfindən müxtəlif şəraitlərdə pozula bilər və hüquqi məsuliyyət də buna uyğun olaraq yaranacaq. 2.5 nişanının tələbinin pozulması ilə bağlı 5 fərqli hal ola bilər: 
- bu nişanın tələbinin yolayrıcı olmayan kəsişmə yerində (məsələn, bitişik ərazidən, yanacaqdoldurma məntəqəsindən çıxışda və s.) pozulması, yəni belə yerdən şıxan sürücünün çıxdığı yoldakı nəqliyyat vasitəsinə yol verməməsi İnzibati Xətalar Məcəlləsinin (İXM-in) 151.1-ci maddəsi üzrə (yol nişanının tələbini pozmaya görə) 40 manat cəriməyə səbəb olacaq;
- bu nişanın tələbinin yolayrıcı olmayan kəsişmə yerində və yolayrıcında yol verilməli olan nəqliyyat vasitəsi olmadığı şəraitdə, habelə dəmiryol keçidində yaxınlaşmaqda olan qatar olmadıqda pozulması, yəni sürücünün nəqliyyat vasitəsini dayandırmadan nişanın yanından keçib getməsi də İXM-in 151.1-ci maddəsi (yol nişanının tələbinə riayət edilməməsi) üzrə 40 manat cəriməyə səbəb olacaq;
-  onun tələbi yolayrıcını keçmə zamanı başqa nəqliyyat vasitələrinə yol verməmə formasında pozulduqda sürücünün məsuliyyəti İXM-in 151.2-ci maddəsi üzrə yolayrıcını keçmə qaydasını pozmaya görə yaranacaq və sürücüyə 60 manat cərimə və 3 cərimə balı yazılacaq;
- bu nişanın harada quraşdırılmasından asılı olmayaraq onun tələbini pozan və yol verməli olduğu nəqliyyat vasitəsi üçün qəza şəraiti yaradan, yəni onun sürücüsünü hərəkət sürətini və ya istiqamətini qəflətən sərt şəkildə dəyişməyə məcbur edən sürücü isə İXM-in 151.3-cü maddəsi üzrə 80 manat cərimə ediləcək və onun adına 4 cərimə balı yazılacaq.
- onun tələbini dəmiryol keçidində yaxınlaşmaqda olan qatar olduğu halda pozan sürücüyə İXM-in 151.3-ci maddəsi üzrə dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulmasına görə 80 manat cərimə və 4 cərimə balı yazılacaq.
2.5 nişanının tələbini pozaraq konkret yol-nəqliyyat hadisəsi törətmiş sürücü isə baş vermiş nəticəyə uyğun olaraq inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb ediləcək.
2.5 nişanı yolların kəsişmə yerlərində hərəkət növbəliliyinin müəyyən olunmasında mühüm rol oynayır. Hər bir sürücü bu nişana diqqətlə yanaşmalı, onun qarşısında dayanmadan hərəkət etməməlidir..  
2.5 nişanı qoyulan yolayrıcında svetofor varsa və həmin svetofor işləyirsə, yaxud həmin yolayrıcında hərəkət nizamlayıcı (polis əməkdaşı) tərəfindən tənzimlənirsə, 2.5 nişanı qüvvəsini itirir. Belə vəziyyətdə sürücülər yalnız svetoforun və ya nizamlayıcının siqnallarını rəhbər tutaraq hərəkət etməlidirlər. 
2.5 nişanının şəkli əlavə olunur.
 
Ərşad Hüseynov,
hüquqşünasскачать dle 12.1

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Qaydalar Oxunub: 57 Tarix: 26-08-2019, 23:10
Добавить комментарий
Ваше имя:*
Ваш e-mail:*
Введите код: *
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
İstifadeci paneli
Youtube səhifemiz
Reklam
may.az

Təqvim
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Saygaclar