Anket
Sığortanın hansı yaxşıdır?

18 Şub 09:56YazarlarBaxış: 59 Carlife

Avtobus sayı məhdud, metro bağlı: Gəl, bu sıxlıqda virusa yoluxma


Sərt karantin rejiminin yumşaldılması, müxtəlif sahələrdə fəaliyyətin bərpa olunması ictimai nəqliyyatın yükünü yenidən artırıb. Təhsil ocaqlarında müəyyən şərtlər daxilində ənənəvi tədrisin qismən bərpa olunması da sərnişin sıxlığına ciddi təsir edən amillərdəndir. Belə olduğu halda, hər kəsin ümidi metronun yenidən fəailiyyətini bərpa etməsinədir.
 
Qeyd edək ki, fevral ayının 15-dən metronun fəailiyyəti bərpa olunacaq deyə sosial media və bəzi KİV-lərdə məlumat yayılsa da, “Bakı Metropoliteni” QSC-nin bununla bağlı açıqlamasında yayılan məlumatın həqiqətə uyğun olmadığı bildirildi. İnsanlar isə avtobusdakı sərnişin sıxlığından şikayətçidirlər. Virusun sıxlıqda daha çox yayıldığını deyirlər. Ələlxüsus da, səhər və axşam saatlarında avtobuslarda elə bir sıxlıq yaşanır ki, minmək-düşmək mümkünsüz hala gəlir. Sosial şəbəkələrdə gedən müzakirələrdən isə məlum olur ki, əhali bu sıxlıqdan çıxış yolunu yalnız metronun fəailiyyətini bərpa etməsində görür.
 
Mövcud problemlə bağlı AYNA-nın suallarını cavablayan yol-nəqliyyat eksperti Elməddin Muradlı da hesab edir ki, metro ictimai nəqliyyatın bir forması olaraq bu gün insanların daha çox tələbatını ödəyə bilir: “Metro insanların yola sərf etdiyi zamanı azaldır. Eyni zamanda, metro qatarının bir vaqonu 3 avtobus sərnişin tutumuna malikdir. Deməli, bir metro qatarı 5 vaqondan ibarətdirsə, 15 avtobusu əvəzləyir. Bu da çox böyük rəqəmdir. Digər tərəfdən də Bakı şəhərində avtobus sayı insanların tələbatını qarşılayacaq qədər deyil. Nəzərə almalıyıq ki, Bakı şəhərində, hətta pandemiya olmayan dövrdə belə, 2500-dən artıq avtobus lazım idi ki, insanları sıxlıq kimi problem olmadan daşıya bilsin. Bu gün hələlik biz 2300-2400 avtobusun ümidindəyik. Bunların da arasında texniki problem səbəbi ilə xəttə çıxmayanları olur”.


“Beləliklə metronun da yükünü bu avtobuslara yüklədiyimizdə ikiqat yüklənmə olur. Buna görə də təhsil müəssisələrinin açılması ilə ciddi çətinliklərlə üzləşəcəyik. Bugünkü gündə elə bir imkanımız yoxdur ki, bir günün içində avtobus sayını artıraq, tutaq ki, 500 avtobus alaq, müəyyən qədər yükü azalda bilək. Buna görə də metronun açılması açıq bir şərt halını alıb. Belə olmasa, şəhərdə hərəkət iflic olacaq. İnsanların əlindən dayanacaqlarda belə, dayanmaq mümkün olmayacaq”, - həmsöhbətimiz bildirib.
 
Hələ pandemiyadan əvvəl insanlar həftəiçi işə gedib-gəlir, digər ehtiyaclarını qarşılamaq üçün həftəsonunu gözləyirdilər. Elə indi də bir çox hallarda bu, belə olur. Həftəiçi sıx avtobusda saatlarla vaxt itirən, səhər işə, axşam evə güclə çatan insanlar digər işlərini həll etmək üçün ümidlərini həftəsonuna bağlayırlar. Lakin bildiyimiz kimi artıq neçə aydır ki, həftəsonu ictimai nəqliyyatın fəailiyyəti tamamilə dayandırılıb. Pandemiyanın yaşatdığı iqtisadi çətinliklər qarşısında az qala sağ qalmaq üçün mübarizə aparan insanları bir də bu cür qərarlar əlavə xərcə salır, işlərini qəlizləşdirir.
 
Həftəsonu evdən çıxmaq istəyən insanın ya şəxsi maşını olmalıdır, ya da taksi ilə hərəkət etməlidir. Taksi ilə hərəkət isə kifayət qədər xərc tələb edir və insanlar bu vəziyyətdən narazıdırlar. Eyni zamanda, həftəsonu işləyən insanlar da, bir çox hallarda işə öz hesablarına taksi ilə gedib-gəldiklərini deyir, şikayətlənirlər. Fevral ayının birindən ictimai iaşə müəssisələrinə həftəsonları da yerində fəaliyyət göstərmək üçün icazə verilib. Qeyd edək ki, Operativ Qərargah həftəsonu ictimai nəqliyyatın fəaliyyətini tamamilə dayandırması barədə qərarı açıqlayarkən bu halda yoluxma zəncirinin iki günlük qırıldığını əsas gətirmişdi.
 
Elməddin Muradlının fikrincə, yoluxma sayında müsbət dinamika müşahidə olunursa, ictimai nəqliyyatın həftəsonu fəailiyyəti ən azından qismən bərpa olunmalıdır: “İnsanlar ictimai nəqliyyatdan həftəiçi daha çox istifadə edirlər, nəinki həftəsonu. Buna görə də düşünürəm ki, həftəsonu qadağası götürülməlidir. Ola bilər ki, həftəsonu ictimai nəqliyyatın sayı azaldılsın, ancaq tamamilə dayandırmaq düzgün yanaşma deyil”.
 
Son vaxtlarda bir çox sahələrdə ciddi qiymət artımı müşahidə edilir. Bunu nəzərə alaraq, ictimai nəqliyyatda qiymət artımının qaçılmaz olacağını proqnozlaşdıranlar da az deyil. “Metroda gedişhaqqının artırılması gözlənilirmi” sualını cavablandıran ekspert bildirib ki, bununla bağlı proqnoz vermək istəməsə də, bir çox sahələrdə müşahidə edilən qiymət artımı ictimai nəqliyyata da təsirsiz ötüşməyəcək.
 
“Bir çox sahələrdə qiymət artımını nəzərə alsaq, ümumiyyətlə, ictimai nəqliyyatda qiymət artımı gözləniləndir. Bunu biz müəyyən mənada müşahidə edirik. İctimai nəqliyyatın, istər metro, istərsə də avtobusun xərcləri bu gün çoxdur. Metropoliten belə əsaslandırır ki, bir sərnişinin daşınması, təxminən 1 manatdan yuxarı başa gəlir. Avtobuslarda da sərnişinlərin daşınması eyni qiymətə başa gəlir. İndi dövlət bunu hansı səviyyədə tənzimləyəcək, zaman göstərəcək”, - Muradlı vurğulayıb.

Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: