Subaru nasaz mühərrik hissəsi səbəbindən Yaponiyada 178.007 avtomobili geri çağırır. Geri çağırma e-BOXER hibrid sistemi ilə təchiz edilmiş Forester, Crosstrek, Impreza və XV modellərini əhatə edir. Şirkət öz veb-saytında bu barədə məlumat verib. Subaru geri çağırmayla bağlı müraciətini noyabrın 26-da Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinə təqdim edib.
Problem mühərrikin köməkçi aqreqatlar remeninin gərginləşdiricisindədir. Subaru şirkətinin məlumatına görə, bu hissə kifayət qədər diqqətlə hazırlanmayıb və onun bəzi komponentləri yetərincə möhkəm deyil.
Maşına nə baş verə bilər?
Mühərrik işə düşəndə, remendən gələn qüvvə gərginləşdiricini sındıra bilər. Əgər avtomobilin sürülməsinə davam edilərsə, remen öz yerindən çıxa bilər. Daha sonra su nasosu dayanır və soyuducu mayenin temperaturu haqqında xəbərdarlıq işığı yanır. Ən pis halda, mühərrik dayana və yenidən işə salınmaya bilər.
Problemli avtomobillər 2020-ci ilin 12 iyunundan 2026-cı ilin 21 sentyabrına qədər istehsal edilib. Subaru bütün bu avtomobillərdəki remen gərginləşdiricisini təkmilləşdirilmiş hissə ilə əvəz edəcək.
Hazırkı məlumata görə, bu nasazlıqla bağlı 240 hal qeydə alınıb, Car Watch nazirliyin məlumatına istinadən yazır. Problemlə bağlı heç bir qəza baş verməyib.
Eyni təmir işləri daha 1.651 avtomobilə də ediləcək, çünki bu avtomobillərdə də qüsurlu detal ehtiyat hissəsi kimi istifadə olunmuş ola bilər. Bundan əlavə, Subaru şirkətinin müəyyən edə bilmədiyi 462 ehtiyat hissəsi də bu təmir işlərinə daxildir.