Kia Almaniyanın nüfuzlu avtomobil mükafatı olan Qızıl Sükanda (Goldenes Lenkrad) bu il üç kateqoriyada qalib gəldi. AUTO BILD və BILD am SONNTAG nəşrlərinin təşkil etdiyi müsabiqə 2026-da 50-ci dəfə keçirildi. Kia bir ildə üç mükafat qazanan ilk qeyri-Avropa markasıdır.
Hansı modellər qalib gəldi?
Elektrik EV2 "30 min avrodan ucuz ən yaxşı avtomobil" seçildi. K4 Sportswagon universalı kompakt sinifdə, elektrik EV5 isə kompakt krossoverlər arasında birinci oldu. Bu siniflərdə Kia modelləri Volkswagen ID.3 Neo, Cupra Born, Audi Q3 və Cupra Formentor VZ5 kimi rəqiblərini geridə qoydu.
Seçim üç mərhələdə aparıldı. Redaksiya 90 yeni modeli namizəd göstərdi, oxucular doqquz sinif üzrə 27 finalçı seçdi, sonra 23 nəfərlik münsiflər heyəti avtomobilləri sınaqdan keçirdi. Qiymətləndirmədə idarəetmə, komfort, istifadə rahatlığı, keyfiyyət, praktiklik, ekoloji təsir və qiymətə uyğunluq nəzərə alınıb.
Kia-nın səkkizinci Qızıl Sükanı
Bu qələbələrlə Kia-nın Qızıl Sükan mükafatlarının sayı səkkizə çatdı. Marka əvvəllər XCeed (2019), Sorento (2020), Niro EV (2022), EV9 (2023) və EV3 (2024) modelləri ilə qalib gəlmişdi. Kia-nın prezidenti Ho Sung Song bildirib ki, Avropa şirkətin gələcəyində mərkəzi yer tutmağa davam edir. AUTO BILD-in baş redaktoru Robin Hornig isə Kia-nın müxtəlif kateqoriyalarda ən yaxşı ümumi paketi təklif etdiyini deyib.
Mənbə Kia press-relizi